"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qusarda “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib

Dekabrın 4-də Qusar şəhəri 3 saylı tam orta məktəbində, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Qusar rayon Təhsil şöbəsinin Metodiki kabinetin direktoru Qorxmaz Muradov, Qusar şəhəri 3 saylı tam orta məktəbin direktoru Sədaqət Kərəməliyeva, Qusar şəhəri “Mustafa Kazdal məscidi” dinin icmasının sədri Fəryaddin Rəhimxanov, müəllimlər, valideynlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qusar şəhəri 3 saylı orta məktəbin direktoru bildirdi ki, bu formatda keçirilən tədbirlər milli-mənəvi dəyərlərin xüsusilə gənclər arasında təbliği və tanıdılması üçün geniş imkanlar yaradır. 
Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır.  Bir dəyər kimi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühit çox əhəmiyyətlidir.  
Qusar rayon Təhsil şöbəsinin Metodiki kabinetin direktoru Qorxmaz Muradov çıxış edərək dövlətin təhsilə qayğısından danışıb və bildirib ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi önəm verilir, həmçinin, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır.
Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri Fəryaddin Rəhimxanov tədbirdə çıxış edib. O, dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildirib ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır.  
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 27-12-2018, 10:49 eye 1 154 eye Paylaş