Dekabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Quba rayonu “Hacı Seyid Siracəddin” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənc nəslin yetişməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, gənclər, dindarlar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. E. Nurullayev bildirib ki, bir dəyər kimi, ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin qorunmasında gənclərin rolu danılmazdır. Azərbaycanlı gənc kifayət qədər biliyə malik olmaqla öz milli-mənəvi dəyərlərini qoruyub saxlaya və özündən sonra gələn nəsillərə ötürə bilər.
Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, II Nügədi kəndi 2 saylı tam orta məktəbin direktoru Əfqan Babaşov və digər çıxış edən natiqlər vurğulayıb ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.