Dekabrın 26-da Masallıda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu II Səmidxan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq” adlı layihə çərçivəsində “Ulu Öndərimiz və Azərbaycançılıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, II Səmidxan kənd məscidi dini icmasının sədri Hüseyn Qurbanov, Masallı şəhəri 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov, müəllim və şagirdlər iştirak ediblər.
Masallı şəhəri 6 saylı tam orta məktəbin direktoru Elman Nəzərov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasında milli köklərə qayıdış, milli tariximizə obyektiv baxış, dilimizin saflığı uğrunda əldə olunmuş nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Azərbaycançılıq ideologiyasının Ulu Ondər Heydər Əliyev tərəfindən layiqli qiymətini aldığını, ölkənin dövlət siyasətinə çevrildiyini, ümumbəşəri dəyərlərlə zənginləşdirildiyini vurğulayıb.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov qeyd edib ki, Ümumilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə və Azərbaycançılığın inkişafına çalışmışdır.
İcma sədri Hüseyn Qurbanov, məktəbin müəllimi Nazilə Cabbarova və başqaları çıxışlarında mövzu ətradfında fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.