Dekabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Füzuli rayonu “Mahmudlu 2” kənd məscidi dini icmasının təşkilatçılığı ilə Füzuli rayonu Mahmudlu 2 kənd tam orta məktəbdə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Vətənpərvərlik və mənəvi dəyərlər nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu Mahmudlu 2 kənd tam orta məktəbin direktoru Solmaz Məmmədova, Füzuli rayonu “Mahmudlu 2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Füzuli rayonu “Mahmudlu 2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb.
Füzuli rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev “Vətənpərvərlik və mənəvi dəyərlər nədir?” mövzusunda məruzə edib. Qabil Əliyev bildirib ki, hərbi vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Zaman ötsə də, bu böyük bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış, nəsillərin fəaliyyətinin fövqündə dayanmışdır.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov ölkəmizdə bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini həyata keçirməyə, zərərli dini adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə çalışsalar da, özünün milli-mənəvi və dini dəyərlərinə həmişə böyük önəm verən xalqımız özünəməxsus inancları, inam-etiqad göstərdikləri məbədləri göz bəbəyi kimi qoruyub saxladığını, nəsil-nəsil davam etdirdiyini vurğulayıb.
Füzuli rayonu Mahmudlu 2 kənd tam orta məktəbin direktoru Solmaz Məmmədova çıxış edərək qeyd edib ki, gənclər arasında vətənpərvərliyin təbliğində ziyalılarımızla, təhsil müəssisələrimizlə yanaşı, dini icmalar da iştirak etməlidirlər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.