"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Biləsuvarda “Milli mədəniyyətimizin ümumdünya mədəni proseslərinə inteqrasiyası” adlı maarifləndirici tədbir keçirilib.

Dekabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Biləsuvar şəhəri “İmam Zaman” məscidi dini icmasının təşkilatçılığı ilə Biləsuvar şəhəri “İmam Zaman” məscidində “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində “Milli mədəniyyətimizin ümumdünya mədəni proseslərinə inteqrasiyası” adlı  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev, məscid dindarları, ağsaqqallar  iştirak ediblər.    
Tədbiri giriş nitqi ilə açan DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən Ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. Ümummilli liderin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilir. Bu mənada Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olub.
Biləsuvar rayon “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev vurğulayıb ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb. 
Tədbirin yekununda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və DQİDK-nin çap etdirdiyi kitabçalar tədbir iştirakçılarına təqdim edilib.

calendar 25-12-2018, 11:41 eye 647 eye Paylaş