Sentyabr ayının 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində “Şəhidlik - mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Komitənin şöbə müdiri Qağayı Məmmədov Lənkəran şəhərində Məhərrəmlik ayı və Aşura mərasimlərinin mənəvi dəyərlərə və qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyi haqqında məlumat verdi. Q.Məmmədov dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirdi.
Tədbirdə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev şəhidlik anlayışı, onun mahiyyəti və milli-mənəvi dəyərlər sistemində şəhidliyə münasibət haqqında məruzə ilə çıxış etdi. C.Əkiyev dövlət tərəfindən şəhidlərin xatirəsinə böyük hörmət və ehtiramın olduğunu, Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini qeyd etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı Lənkəran şəhərində təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür etdi.
Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırıldı