"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağcabədidə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi şəhər 3 saylı tam orta məktəbdə, “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti (RİH) Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər 3 saylı tam orta məktəbin direktoru Mətanət Quliyeva,  Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva,  yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər 3 saylı tam orta məktəbin direktoru Mətanət Quliyeva bildirib ki, son illər DQİDK və Ağcabədi RİH-in birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlər silsiləsində dini maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Ağcabədi RİH Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda məruzə edib. Təyyar Hacıyev bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə çıxış edərək  qeyd edib ki, milli-mənəvi dəyərlərimiz gənclərin tərbiyəsində, xüsusilə də onların vətənpərvərlik ruhunda  tərbiyəsində əhəmiyyətli yer tutur.  İndiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdırlar. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual və dünyagörüşünə malik olsunlar.
Ağcabədi şəhər 3 saylı tam orta məktəbin müəllimi Saragül Həsənova və  Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva çıxışlarında xalqımızın qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşatdığını və inkişaf etdirdiyini nəzərlərə çatdırıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.

calendar 27-12-2018, 10:40 eye 766 eye Paylaş