Dekabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Hacıqabul rayon Folklor klubunda, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində "Vətənpərvərlik və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, DQİDK-nin dini maarifləndirmə şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev, Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Gülqardaş Züfüqarov, müəllim və məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev çıxış edərək bildirib ki, gənclərin müasir dövrə inteqrasiyası zamanı təhsilə və vətənə olan bağlılıq nəzərə alınmalıdır. E.Şıxəliyev gənclərin elmə qiymət verməsinin və bu mövqedə fərdi ideyalarını inkişaf etdirməsinin vacibliyini qeyd edib.
DQİDK-nin dini maarifləndirmə şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə çıxışında vurğulayıb ki, gənclər gələcəkdə dövlətin mühüm sahələrində çalışacaqları üçün hər bir gəncin vətənə olan sevgisi və dövlətçiliyə bağlılığı düzgün şəkildə inkişaf etməlidir. Natiq, həmçinin, dini amillərin inkişafında gənclərin düşüncəsindən və maarifləndirmənin mahiyyətindən bəhs edib.
DQİDK-nin Şirvan bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Sənan Xəlilov çıxış zamanı vətənpərvərliyin təbliği ilə bağlı ilkin və daha əsaslı təməlin təhsil-tədris müəssisələrində yaradılmasının əhəmiyyətini danışıb. Həmçinin qeyd edib ki, ailə, valideynlər də bu yöndə mühüm məsuliyyət daşıyıcısıdır.
Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Züfüqarov Gülqardaş gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və mərdlik, təmizlik, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə edilməsi, onlarda dövlətçilik təfəkkürünün, millətə, vətənə bağlılıq hislərinin gücləndirilməsinin və mənəvi inkişafının vacibliyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.