Dekabrın 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəki rayon Baltalı kənd məscidi dini icmasının təşkilatçılığı ilə Şəki rayonu Baltalı kəndində “Saglam gəncliyin inkişafında milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov, Şəki şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki rayonu Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov, Şəki rayon Baltalı kənd icra nümayəndəsi Etibar Manafov və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev çıxışında qeyd edib ki, qədim dövrlərdən müasir dövrümüzə gəlib çatmış xalqımızın zəngin mənəvi dəyərləri bu gün müstəqil, dünyəvi və hüquqi Azərbaycan dövlətinin inkişafında, tərəqqisində, vətəndaş cəmiyyətinin qurulmasında mühüm rol oynayır. Natiq Ulu Öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və gənclər tərəfindən öyrənilməsi sahəsində apardığı dövlət siyasətinın bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini vurğulayıb. Müasir zamanda mənəvi dəyərlərin gənc nəslin sağlam ruhda, vətənpərvər olaraq formalaşmasında əhəmiyyətindən danışıb. Həmçinin, gənclər tərəfindən mənəvi dəyərlərin öyrənilməsində və gənclərin müasir dünyagörüşünün formalaşmasında təhsilin, elmin vacib amil olduğu bildirilib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov mövzu ətrafında geniş çıxış edib. O, dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildirib ki, gənclər milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır. Zərərli vərdişlərin cəmiyyətə gətirdiyi bəlalardan da bəhs edərək, zərərli vərdişlərlə mübarizədə milli mənəvi dəyərlərin rolundan söhbət açıb və gənclər arasında maarifləndirmə işinin aparılmasından bəhs edib.
Daha sonra tədbirdə çıxış edən Şəki ŞİH-in başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki rayonu Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov, Şəki rayon Baltalı kənd icra nümayəndəsi Etibar Manafov mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.