Dekabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi rayonu Muğanlı kəndində, “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” layihəsi çərçivəsində “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Ağcabədi rayon İcra Hakimiyyəti (RİH) Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidinin din xadimi Həsənxan Mənsimov, ağsaqqallar və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev bildirib ki, son illər DQİDK və Ağcabədi RİH-nın birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilib. Natiq bu tədbirlərdə dini maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə Ağcabədi RİH-nın Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Ailə dəyərlərimizi qoruyaq” mövzusunda məruzə edib. Təyyar Hacıyev bildirib ki, müasir Azərbaycan ailəsinin qarşılıqlı hörmət, məhəbbət və sağlam təməllər üzərində qurulmasının əsas səbəblərindən biri də tarixin süzgəcindən keçmiş ailə dəyərlərinin yaşadılması və nəsildən-nəslə ötürülməsidir.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov çıxış edərək qeyd edib ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Buna görə də uşaqların böyüyə hörmət, milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunması ailələrin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidinin dini ayinlərin icraçısı Həsənxan Mənsimov çıxış edərək, müqəddəs kitabımız Qurani-Kərimdən, Peyğəmbərdən ailə dəyərləri haqqında bir neçə nümunələr gətirərərək ailəni qorumağın hər bir kəsin borcu olduğunu vurğulayıb.
Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.