"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Biləsuvarda “Azərbaycan mədəniyyəti inkişaf yollarında” adlı maarifləndirici tədbir keçirilib

Dekabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Biləsuvar şəhəri “İmam Zaman” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Biləsuvar şəhəri Peşə Liseyində “Azərbaycan xalqının mədəni irsi” layihəsi çərçivəsində “Azərbaycan mədəniyyəti inkişaf yollarında” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Biləsuvar  Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Kamil Qurbanlı, liseyin direktoru Rabil Şahbazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Səlim Qəni, DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon “İmam Zaman” məscidi dini icmasının sədri Loğman Mehdiyev və liseyin şagirdləri iştirak ediblər.   
Tədbiri giriş nitqi ilə açan liseyin direktoru Rabil Şahbazov bildirib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Biləsuvar (RİH) Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı  Kamil Qurbanlı  mənəvi dəyərlərin təbliği ilə bağlı dövlət əhəmiyyətli tədbirlərin önəmindən söz açıb. O keçirilən tədbirlərin mahiyyətindən danışaraq dövlət-din münasibətləri haqqında geniş məlumat verib. Ölkə Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördüyü çoxşaxəli tədbirlər nəticəsində respublikada ictimai sabitliyin, əmin-amanlığın təmin edildiyini və sosial–iqtisadi inkişafın böyük uğurla həyata keçirildiyini vurğulayıb. 
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin şöbəsinin məsləhətçisi Səlim Qəni mövzu ətrafında çıxış edərək bildirib ki, bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli mənəvi dəyərlərini, ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır". O həmçinin deyirdi: "Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz". Yeri gəlmişkən, qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Ulu Öndərin kifayət qədər xidmətləri olub. Təkcə bir faktı qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.
Şirvan bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Sənan Xəlilov  vurğulayıb ki, ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, inkişafının bariz sübutudur. 
Daha sonra DQİDK-nin sifarişi ilə ərsəyə gəlmiş “Üfüqdəki gələcək” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib.
Mövzu ilə bağlı tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

calendar 21-12-2018, 16:22 eye 965 eye Paylaş