Dekabrın 21-də Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti (RİH) Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Ağcabədi şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə tədbiri giriş sözü ilə açaraq, izləyicilərə tədbir haqqında məlumat verib. Ağcabədi RİH Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Yad təsirlər və gənclər” mövzusunda məruzə edib. Təyyar Hacıyev dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən bəhs etdi. Natiq milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək, dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, gənclərə tövsiyələrini verərək bildirdi ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov çıxışında Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımızın tükənməz sərvəti olan milli-mənəvi və dini dəyərlərin qorunub saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində görülmüş işlərdən danışıb. E.Qəmbərov gənclərə doğma Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi və müstəqilliyi uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin unudulmaz xatirəsindən söhbət açaraq, vətən sevgisinin insan həyatında əsas meyar olduğunu vurğulayıb. Eyni zamanda milli-mənəvi dəyərlərin öyrənilməsi və qorunub saxlanılmasının gəncləri yad təsirlərdən, zərərli vərdişlərdən və dini radikalizmdən qoruyan əsas amil olmasını diqqətə çatdırıb. Xalqımızın yüz illərlə formalaşdırdığı mənəvi dəyərlərə və adət-ənənələrə sadiq, təhsilli və savadlı gənclərin heç zaman dini radikalizmə yönəlməyəcəyini qeyd edib.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb və DQİDK-nın nəşriyyatı olan kitabçalar paylanılıb.