Dekabrın 20-də Şirvan şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlərimiz, Qəhrəmanlarımızdır!” adlı layihə çərçivəsində “Vətən haqqı ana haqqıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədova, Şirvan şəhər Zeynalabidin məscidi dini icmasının sədri Cəmşid Hüseynov, Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov və Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinin tələbələri iştirak etmişdir.
İlk öncə Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək bildirib ki, layihə çərçivəsində keçirilən tədbirlərin əsas mahiyyəti Vətənə olan sədaqət və dövlətin xalqa olan qayğısının önəmini və bu istiqamətdə atılan addımları insanlara çatdırmaqdır. Natiq mühazirə zamanı Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə olan sevgisini nümunə gətirərək qeyd etdi ki, Azərbaycan respublikasının dünyəvi şəkildə inkişaf etməsində hər bir kəsin rolu vacibdir və vətənə olan qayğı valideynə olan məhəbbət kimidir.
Tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədova qeyd etdi ki, keçmişdən ölkəmizdə vətənpərvərlik təliminin prinsipləri son dərəcə qiymətli olub. Nərminə Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasətindən, vətənə olan diqqətindən bəhs edərək bildirdi ki, vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür.
Tədbirin sonunda tələbələrlə birlikdə “üfüqdəki gələcək” adlı film nümayiş olunub.