"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” respublika elmi-praktik konfransı panellərlə davam edib

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransı işini panellərlə davam etdirib.
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarovun moderatorluğu ilə keçirilən “Azərbaycanda dini təhsil: keçmişdən bugünə” adlı I paneldə orta məktəb dərsliklərində dini biliklərin təhlili, dinlərarası dialoq kontekstində dini təhsilin perspektivləri mövzuları müzakirə edilib. İnstitutun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı, Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev məruzələrlə çıxış ediblər. Daha sonra Azərbaycanda mövcud olan dini təhsilin əsaslı şəkildə tədqiq edilməsi, problemlərin üzə çıxarılması və səbəblərinin araşdırılması barədə təkliflər səsləndirilib.
Konfransın II paneli “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri” mövzusuna həsr olunub. İnstitutun Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlovun, Zaqatala İslam Kollecinin direktoru Anar Qurbanovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri Əlizadə Nəcəfovun məruzələri dinlənilib.  İlahiyyat fakültələrində “Qurani Kərim”in tədrisi, din tədrisində məzhəbüstü yanaşmanın zəruriliyi, eləcə də mədrəsə təhsilinin inkişaf tarixi məsələlərinə toxunulub.
“İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar” mövzusunda III panelə İnstitutun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova moderatorluq edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur İsrafilova, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Bakı İlahiyyat Kollecinin direktor müavini Faiq Əhmədzadə, Şəki İslam Kollecinin müəllimi Şahin Xancanov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Emin Orucov, Rəyasət Heyəti Aparatının Humanitar Elmlər Bölməsinin vitse-prezidenti xidmətində baş mütəxəssis Zeynəb Həcəmova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Din tədrisinin əhəmiyyəti, Azərbaycanda mövcud olan dini təhsil modeli, multikultural və tolerant mühitin formalaşmasında dini təhsilin rolu, eləcə də qonşu ölkələrdə dini təhsil modelləri ilə bağlı müzakirələr aparılıb.
“Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzusuna həsr edilən sonuncu paneldə  İnstitutun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi Əli Fərhadov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi Aliyə Mürsəlova, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi Ələddin Sultanov,  Zaqatala İslam Kollecinin müəllimi Səfa Muradov, Gəncliyə Yardım Fondunun Təhsil koordinatoru Rüfət Şirinov çıxış ediblər. Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərovun moderatorluğu ilə baş tutan paneldə dinlərin tarixi, Azərbaycanda ərəb dili tədrisinin dini təhsildəki yeri və digər məsələlərlə bağlı  müzakirələr aparılıb.
Konfransın yekununda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edib. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.

calendar 17-10-2024, 15:46 eye 76 eye Paylaş