"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Şuşada keçirilən ikigünlük seminar işini yekunlaşdırıb

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunan üçüncü sessiya ilə işini yekunlaşdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan sessiyada “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli qeyd edib ki, müasir media maarifləndirmə, təbliğat kimi funksiyaları ilə yanaşı, ictimai rəyin formalaşmasında mühüm element kimi çıxış edir. Media tribunası vətəndaş - dövlət, vətəndaş - ictimai sektor, vətəndaş - din münasibətlərinin inkişafında, onun sağlam təməllər üzərində qurulmasında mühüm rol oynayır. Azərbaycan mediası bu istiqamətdə öz fəaliyyətini bütövlükdə dini-milli fərq tanımadan qurmaqdadır.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova bildirib ki, dini maarifləndirmənin düzgün aparılmasında ən böyük rollardan biri media nümayəndələrinin üzərinə düşür. Sosial mediada təbliğatın ənənəvi media qədər səmərəli olmadığını vurğulayan S.Məmmədova söyləyib ki, ənənəvi medianın azad, sərhədsiz məkan olan sosial media ilə müqayisədə effektivliyinin artırılmasında mətbuat nümayəndələri maraqlı olmalıdır. Eyni zamanda, süni intellektin dini maarifləndirmə, təbliğat sisteminə təsirləri və ixtisaslaşdırılmış media kontenti, habelə televiziya verilişlərinin hazırlanmasının önəmindən bəhs edib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Dini mövzuda başlıca manipulyativ istiqamətlər və media” mövzusunda təqdimatla çıxış edərək, radikal dini cərəyanların istifadə etdikləri təbliğat və təsir alətləri, informasiya sahələrinin formalaşdırılması istiqamətləri və digər məsələlərə toxunub. V. Zifəroğlu müxtəlif ölkələr tərəfindən maliyyələşdirilən dini cərəyanların təbliğatı ilə məşğul olan elektron media, həmin quruluşların ölkəmizdəki müstəqil media orqanlarına ötürdüyü məlumatlar əsasında internet mediasına təsiri barədə geniş şərh verib. Sosial media üzərindən aparılan təbliğat vasitəsilə radikal fikirlərin, o cümlədən milli dəyərlərin, dünyəviliyin və dövlətin təməl prinsiplərinin hədəfə alınmasının mənfi təzahürlərini vurğulayıb.
Sonda çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı açılış nitqində müxtəlif sahələrə aid olan, hər birimiz üçün yol xəritəsi hesab edilən fikirlərini xatırladaraq bildirib ki, ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də ideoloji mübarizədə Azərbaycana yönələn təhdidlərə qarşı mübarizə aparmaqdır. Dövlət Komitəsinin sədri ideoloji sahədə çağırışlara həssas yanaşmanın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Seminarda aparılan səmərəli fikir mübadiləsinə görə iştirak edən qurumların nümayəndələri və media mənsublarına təşəkkürünü bildirən R.Məmmədov bütün təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.
“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar müzakirələrdən sonra iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatıb.

calendar 24-09-2024, 15:29 eye 34 eye Paylaş