"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar başlayıb.
Seminarda müvafiq dövlət qurumlarının rəhbər şəxsləri, 30-dan çox media nümayəndəsi iştirak edir.
Seminarın ilk günü  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və “Global Media Group”un birgə ərsəyə gətirdiyi 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbiri giriş  sözü ilə açaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən Müharibəsində tarixi qələbə qazandığını vurğulayıb. Media nümayəndələri ilə dini mövzuda seminarın işğaldan azad edilmiş ərazilərimizdə təşkil olunmasının təsadüfi olmadığını, bu torpaqlarda məhv edilən, təhqirə məruz qalan  dini və tarixi abidələrin bərpa edilməsinin Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə münasibətinin ən gözəl ifadəsi olduğunu bildirib.
Seminarın aktual mövzuya həsr olunduğunu deyən Ramin Məmmədov müxtəlif dövlətlər tərəfindən dindən siyasi manipulyasiya, ideoloji təzyiq predmeti kimi istifadə cəhdlərinə qarşı Azərbaycanın kifayət qədər mübarizə imkanlarına malik olduğunu vurğulayıb. Qeyd edib ki, müvafiq strukturlar bu sahədə koordinasiyalı şəkildə fəaliyyət göstərir, lakin ideologiya elə bir həssas istiqamətdir ki, dövlət qurumları, media nümayəndələri və cəmiyyət birlikdə çalışmalıdır. Seminarın təşkilində də əsas məqsəd ənənəvi düzənin dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə din amilinin siyasi-psixoloji və ideoloji təsir alətinə çevrilməsi cəhdlərinə qarşı fikir mübadiləsi aparmaq, qeyd və təklifləri dinləməkdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli bildirib ki, Şuşa şəhərinin 2024-cü ildə İslam Dünyasının Mədəniyyət paytaxtı elan olunması istiqamətində Tədbirlər Planına uyğun olaraq il ərzində çoxsaylı layihələr həyata keçirilir. Bütün bu tədbirlər əbədi və əzəli Azərbaycan torpağı olan Şuşanın dünya miqyasında öz layiqli yerini tutmasına töhfəsini verir. Bəzi regionlarda islamofobiya, ksenofobiyanın güclənməsi fonunda Azərbaycan öz multikultural ənənələrini davam etdirir. Bu dəyərlərin təbliği və təşviqində medianın üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Ə.Həbibbəyli dini mövzularla bağlı maarifləndirmə və təbliğat işlərinə geniş yer verilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” mövzusunda panel sessiya keçirilib.
Panel sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan istər regionun, istərsə də dünyanın ən sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkələrindən biridir. Bu gün din dünyada bəzi radikal qruplar tərəfindən siyasiləşdirilir. Bu isə təkcə İslam dininə deyil, digər dinlərə münasibətdə də özünü büruzə verir. R. Həsənov tolerantlıq ənənələrinə görə Azərbaycanın dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı  Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov müasir media dünyası, informasiya siyasəti, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məsələlərdən bəhs edib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və ixtisaslaşmasının təmin edilməsi üçün təlimlərin keçirildiyini və bugünkü seminarın da sahəvi jurnalistikanın inkişafı istiqamətində xüsusi əhəmiyyətini qeyd edib.
Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov media subyektləri və dövlət qurumları arasında effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsinin zəruriliyi barədə danışıb.
Çıxışlardan sonra interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra seminar iştirakçıları üçün mediatur təşkil edilib. Media nümayəndələri Şuşada həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar, Şuşa qala divarı, “Güllələnmiş heykəllər” meydanı, Üzeyir Hacıbəylinin ev muzeyi, Xanqızı bulağı, Mehmandarovların yaşayış kompleksi və M.P. Vaqifin muzey məqbərəsini ziyarət ediblər. Sonda iştirakçılar Cıdır Düzündə xatirə fotosu çəkdiriblər.

calendar 24-09-2024, 08:20 eye 33 eye Paylaş