Aprelin 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhər "Cümə" məscidi dini icmasının birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. İftar mərasimində şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.
Çıxışlar zamanı Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən söhbət açılıb, xeyirxahlıq və mərhəmət ayı olduğu vurğulanıb.
Tədbirdə iştirak edən şəhid ailələri üzvləri çıxışları zamanı ölkə başçısı tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə ediblər.
Həmçinin mərasimin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş müqəddəs "Qurani-Kərim" kitabları şəhidlərimizin ailə üzvlərinə hədiyyə edilib.