Aprelin 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhəri "Zəhra" məscidi dini icmasının birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
İftar mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Elgiz İmanlı, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Çıxışlar zamanı Ramazan ayının sevgi, mənəvi yenilənmə, mərhəmət, xeyirxahlıq ayı olduğu vurğulanıb, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.
Tədbirdə ölkə başçımız tərəfindən hər zaman şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanıldığından söhbət açılıb, eləcə də dövlət-din münasibətlərinin mövcud inkişaf dinamikası və dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində görülmüş işlərdən bəhs edilib.
Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş müqəddəs "Qurani-Kərim" kitabları şəhidlərimizin ailə üzvlərinə hədiyyə edilib.