Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında keçirilən "Qüvvət elmdədir" adlı intellektual yarışın final mərhələsi baş tutub. Finalda Bakı şəhəri, Ağsu, Balakən, Yevlax, Neftçala və Cəlilabad rayonlarında keçirilmiş yarışlarda qalib gəlmiş komandalar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçən final görüşündə Azərbaycanın mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri, eyni zamanda ümumi dünyagörüşü ilə bağlı suallar səsləndirilib.
Cəlilabadın "Bozqurd", Yevlaxın "Nəqşicahan", Neftçalanın "İstiqlal" komandaları həvəsləndirici yerə layiq görülüblər. Ağsu rayonunun "Alfa" komandası 3-cü, Balakən rayonunun "Suqovuşan" komandası 2-ci yerdə qərarlaşıb. Bakı şəhəri Xətai rayonu 287 saylı "Zəkalar" liseyinin "Zəkalar SR" komandası yarışın qalibi olub.
Finalda iştirak edən bütün komandaların üzvlərinə diplomlar, ilk üç yerin qalibinə qiymətli hədiyyələr təqdim olunub.