Dekabrın 20-də Qəbələ rayonu Soltannuxa kənd orta məktəbində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Soltannuxa kənd “Cümə“ məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik“ adlı layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik“ mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Zaman Şirinov, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseyinov, Qəbələ şəhər Mərkəzi Cümə məscidi dini icmasının sədri Saleh Şirinov, Soltannuxa kənd dini icmasin sədri Seymur Mahmudov və rayon ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Soltannuxa kənd dini icmasin sədri Seymur Mahmudov mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
Daha sonra çıxış edən (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Zaman Şirinov vurğulayıb ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir.
Qəbələ şəhər Mərkəzi Cümə məscidi dini icmasının sədri Saleh Şirinov çıxış edərək qeyd edib ki, DQİDK ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli–mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi vətəndaşlarımızda, xüsusəndə dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalaşdırılması üçün son dövrlərdəki yenilikçi fəaliyyəti ilə əhalinin razılığını qazanıb. Bu baxımdan, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yerlərdə, idarə və təhsil ocaqlarında milli–mənəvi dəyərlərlə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseyinov çıxış edərək bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.