Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 23-25 noyabr tarixlərində Bərdə rayonunda gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihənin açılış mərasimi keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Damət Ələkbərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Bərdə rayonunun ziyalısı Tərlan Musayeva, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Fidan Nəsirli, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının nümayəndəsi Firdovsi Məmmədov üçgünlük seminarın mövzusu və əhəmiyyəti baradə məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Bərdə rayonu ilə yanaşı, Ağcabədi, Ağdam və Beyləqan rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur.
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış "Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür" və “Müzəffər Komandan" adlı sənədli filmlərin nümayişi, rayon ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılır.