ADA Universitetində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə "Mədəniyyətlərin birləşdiyi ölkə" konfransı keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəniyyətlərarası dialoqda aktiv iştirakını stimullaşdırmaq və ölkəmizdəki multikulturalizm, həmçinin tolerantlıq dəyərlərini təbliğ etməkdən ibarət olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Azər Əliyev, həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüblər.
NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə aparılan panel müzakirəsində spiker qismində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Ofisinin Baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həziyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Hatəm Gülməmmədov, Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin prezidenti Güldanə Dadaşova çıxış edib.
Panel müzakirəsi zamanı Azərbaycanın Multikulturalizm siyasətinin beynəlxalq arenada gənclərimiz vasitəsilə həyata keçirilməsi, müasir mədəniyyətdə ənənəvi dəyərlərin yaşadılması, Azərbaycanda dinlərarası yanaşmalarda tolerantlıq dəyərləri, İslam ölkələri arasında mədəniyyətlərarası dialoqda gənclərin rolu kimi mövzular ətraflı müzakirə olunub, həmçinin iştirakçıların ünvanladığı suallar cavablandırılıb.