Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyilə "Din və həmrəylik" adlı üçgünlük seminarın açılış mərasimi olub.
Açılış mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Damət Ələkbərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərim tilavəti ilə başlayıb.
Mərasimdə çıxış edənlər ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin təbliği, dini maarifləndirmənin təşkili barədə fikirlər səsləndiriblər.
Qeyd edilib ki, seminarın təşkilində əsas məqsəd ölkəmizdə vəhdət ənənəsinin qorunması, tarixi köklərə və milli təfəkkürə əsaslanan tolerant, multikultural mühitin gücləndirilməsi, eləcə də məzhəblərarası münasibətlərin inkişafına töhfə verməkdir.
Bərdə rayonundan olan din xadimləri ilə yanaşı, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan din xadimlərinin də iştirak etdiyi və 20-22 noyabr tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Bərdə rayonunun tarixi-dini, mədəni abidələrinin ziyarəti, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.