Noyabrın 7-də Azərbaycan Tibb Universitetində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yazıçı-publisist Ramilə Qurbanlının müəllifi olduğu Vətən müharibəsində şəhid olan hərbi tibb qulluqçularına ithaf edilən və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə nəşr edilən "Şəhid həkimlər" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, təqdim edilmiş kitabda Vətən Müharibəsindəki döyüşlərdə şəhid olan 10 hərbi tibb qulluqçumuzun – polkovnik-leytenant Rasim Abdullayev, kapitan Anar Məmmədov, baş leytenant Nurlan Fərəməzov, baş leytenant Şöhrət Qasımov, leytenant Azər Şəmilov, leytenant Adil Əfəndiyev, leytenant Turqut Xəlilbəyli, leytenant Mirlətif Ağayev, leytenant Tariyel Salmanov və leytenant Aqşin Ənvərlinin ömür yolundan söhbət açılır.