"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

8 noyabr – Zəfər Günü münasibətilə "Qalibiyyətin təntənəsi" adlı tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri və qazilərin iştirakı ilə "Qalibiyyətin təntənəsi" adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, şəhid atası Mürvət Əsgərov, Vətən müharibəsi qaziləri Həşim Mədətov və Sənan Həsənov, şəhid qızı Mustafayeva Göyçək çıxış ediblər. Natiqlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qüdrətli ordumuzun şücaəti sayəsində zəfər çaldığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin göstərdiyi qəhramanlıqdan geniş söhbət açıblar. Qeyd olunub ki, xalqımız tarixi zəfərin ildönümünü artıq 3-cü ildir ki, böyük qürur və təntənə ilə qeyd edir. 
Tədbirdə həmçinin tanınmış sənətçilərin, eyni zamanda şəhidlərimizin əmanətləri olan uşaqlardan ibarət "Zəfər sədası" xor qrupunun ifasında vətənpərvərlik musiqiləri səsləndirilib. "Zəfər sədası" xor qrupuna göstərdiyi diqqətə və dəstəyə görə Fondun icraçı direktoru Mehman İsmayılov "Əmanətlərin dostu" mükafatına layiq görülüb. Mükafat "Şəhid övladlarının zəfər sədası" layihəsinin rəhbəri Həcər Əkbərova tərəfindən təqdim olunub.

calendar 7-11-2023, 15:29 eye 285 eye Paylaş