"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

"Biz birlikdə güclüyük" mövzusunda konfrans keçirilib

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə "Biz birlikdə güclüyük" mövzusunda konfrans keçirilib.
Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimlərinin iştirakı ilə keçirilən tədbirin əvvəlində xalqımızın milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin, Azərbaycanın tolerant və multikultural modelinin təbliği, o cümlədən birgəyaşayış formulunun daha geniş kütləyə yayılması məqsədilə MDTF-nin sifarişi ilə hazırlanan "Müasir çağırışlar: birgəyaşayış nümunəsi" adlı qısametrajlı sənədli film nümayiş olunub.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək bu Qələbənin əsasında Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasətinin və Ordumuzun gücünün dayandığını deyib. Eyni zamanda, qələbəmizi şərtləndirən amillər sırasında xalqımızın həmrəyliyinin, milli dəyərlərə, birgəyaşayış ənənəsinə verdiyi önəmin yer aldığını bildirib. Qeyd edib ki, bu gün dünyada həm tolerantlıq, həm də multikultural dəyərlərə sadiqlik olduqca vacibdir. Hazırkı dövrdə dünyamız təhlükədədir. Baş verən münaqişələr, insanların həyatını itirməsi bunu deməyə əsas verir. Bu münaqişələr təkcə dini deyil, müxtəlif aspektlərdə baş verir. Azərbaycan isə özünün tarixi keçmişi və ənənələri ilə dünyaya nümunə olacaq ölkələr sırasındadır. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. Bütpərəstlik, Zərdüştlük, Yəhudilik, Xristianlıq, İslam və digər dini inanclar Azərbaycan ərazisində yayılıb. M. Qurbanlı əlavə edib ki, bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlıq Azərbaycan xalqının minilliklər boyu formalaşmış ənənəsidir. Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu sübut etmək üçün geniş tədqiqat aparılmasına ehtiyac yoxdur. Çünki əsrlərboyu Azərbaycanda kilsələr və sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərib, nəticədə Vətənimiz tolerantlıq mərkəzlərindən birinə çevrilib. Komitə sədri, həmçinin tolerantlığın Azərbaycan nümunəsinin təbliği istiqamətində sənədli fimlərin çəkilməsinin və bu ənənələrin gələcək nəsillər tərəfindən davam etdirilməsinin önəminə toxunub.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev torpaqlarımızın azad edilməsində dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarının görünməmiş həmrəylik nümayiş etdirdiyini, ön və arxa cəbhədə sarsılmaz birlik yarandığını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tolerantlığın Azərbaycanda həyat tərzi olduğuna diqqət çəkərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin birgəyaşayış modelini siyasi müstəviyə qaldırdığını deyib. Bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun mərkəzinə çevrilən ölkəmizin təşəbbüsləri dünyanın qlobal gücləri tərəfindən də dəstəklənir. R. Həsənov, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda keçirilən ilk festivalın milli birlik və həmrəyliyə həsr edilməsinin Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmi bir daha nümayiş etdirdiyini qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerantlıq mühitinin, multikultural dəyərlərin insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkəmizdə firavan həyat sürməsinə imkan yaratdığını deyib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İctimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Azərbaycan Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli, "Azərbaycan Bibliya Cəmiyyəti" Xristian dini icmasının sədri Rasim Xəlilov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildiriblər ki, tarixi ədalətin bərpası – Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan İlham Əliyevin öncüllüyü ilə qazanılan Zəfər haqqın, ədalətin təntənəsi kimi tarix salnamələrinə həkk oldu. Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaqdır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışında tolerant və multikultural dəyərlərin təbliği və təşviqinin önəminə toxunub. Bu ənənələrin qorunub saxlanılması istiqamətində din xadimlərinin üzərinə düşən vəzifələrə, eləcə də həyata keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkib.  
Konfransın sonunda xalq rəssamı Əşrəf Heybətov tərəfindən tolerantlığa həsr olunmuş əsəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilib.
 

calendar 4-11-2023, 15:38 eye 476 eye Paylaş