"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Naxçıvanda "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" mövzusunda üçgünlük seminar öz işinə başlayıb

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və Gənclər Fondunun dəstəyi ilə "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" mövzusunda üçgünlük seminarın açılış mərasimi olub. 
Naxçıvan gənclərinin iştirakı ilə təşkil olunan tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Naxçıvan Gənclər Fondunun əməkdaşı Tural Məmmədzadə, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Seminar iştirakçıları açılış mərasimindən öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. 
Dövlət Himninin səslənməsi ilə başlayan açılış mərasimində Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mərasimdə açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin təşəkkülündə olan xidmətləri haqqında danışıb. M. İsmayılov qeyd edib ki, Heydər Əliyev tarixi şəxsiyyət və böyük dövlət xadimi olmaqla yanaşı, həm də dəyərlərimizin xilaskarı kimi adını tarixə yazdırmışdır. 
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev Heydər Əliyevin dini-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz rolu barədə söhbət açıb. V. Babayev gənclərimizin dəyərlərimizə sahib çıxmasının Ulu Öndər ideyalarının yaşadılmasına böyük töhfə verəcəyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini bütün dövrlərində gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. İ. Haqverdiyeva ölkəmizdə gənclər siyasətinin banisi kimi Heydər Əliyev irsinin yaşadılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 
Naxçıvan Gənclər Fondunun əməkdaşı Tural Məmmədzadə gənclərin milli əxlaq prinsipləri, eləcə də vətənpərvərlik ruhunda yetişdirilməsinin Ulu Öndərin xalqımıza miras qoyduğu əsas vəsiyyətlərindən biri olduğunu qeyd edib. 
Açılış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanan "Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür" filmi nümayiş etdirilib. 
Qeyd edək ki, 26-28 oktyabr tarixlərində Naxçıvan gənclərinin iştirakı ilə təşkil edilən üçgünlük seminar çərçivəsində ekspertlər tərəfindən müxtəlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış filmlərin nümayişi, Naxçıvanda yerləşən tarixi-mədəni abidələrin ziyarət edilməsi, "Dəyərlərimizi öyrənək" adlı intellektual yarışın, eləcə də digər tədbirlərin keçirilməsi planlaşdırılır.

calendar 26-10-2023, 13:30 eye 376 eye Paylaş