Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin dəstəyi ilə Naxçıvanda "Din və həmrəylik" mövzusunda üçgünlük seminar davam edir.
Oktyabrın 24-də seminar çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinovun "Dini-mənəvi həmrəylik: tarix və bu gün" mövzusunda mühazirəsi dinlənilib. A.Şirinov öz mühazirəsində İslam aləmində baş verən elmi və ictimai proseslər, eləcə də dini müstəvidə mövcud olan müasir təzahürlər barədə söhbət açıb. Rektor qeyd edib ki, Azərbaycan dini həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin rəhbər tutulduğu məkan olmaqla yanaşı, həm də İslam təfəkkürünün inkişaf mərkəzlərindən biri kimi seçilib. Tarixi ənənələrin qorunmasının vacibliyinə toxunan A. Şirinov günümüzdə milli və dini zəmində həmrəyliyin gücləndirilməsinin vacibliyi barədə söhbət açıb.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakı şəhəri və Naxçıvandan olan din xadimlərinin iştirakı ilə 23-25 oktyabr tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Naxçıvanın dini-tarixi abidələri ziyarət, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.