Oktyabrın 19-da Yevlax rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Yevlaxda fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda milli və mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, eyni zamanda Yevlax rayonu ilə bağlı mövzular üzrə suallar səsləndirilib.
Yarışda qalib gələn Yevlax rayonu Qoyunbinəsi kəndi R. Rzayev adına tam orta məktəbin "Nəqşicahan" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.