Oktyabrın 16-da Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Bakı şəhərində fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn 287 saylı "Zəkalar" liseyinin "Zəkalar SR" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.