"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpozium öz işinə başlayıb

Türkiyədə Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub.
Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Kırıkkale bələdiyyə sədrinin müavini Halil Danacı, Kırıkkale Universitetinin rektoru, prof., dr. Ersan Aslan və prorektoru prof., dr. Mehmet Başalan, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dos. Aqil Şirinov və prorektoru, dos. Mirniyaz Mürsəlov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov, Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, prof., dr. Mövlud Erten, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin prezidenti, prof., dr. Zekeriya Akman və digərləri iştirak ediblər.
Açılış mərasimində Türkiyə və Azərbaycan şəhidlərinin xatirələri bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin tələbəsi Məhəmməd Əmin Coşkunun Qurani-Kərim tilavəti ilə tədbir davam edib.
Simpoziumda açılış nitqi ilə çıxış edən tədbirin Təşkilat Komitəsinin sədri, prof., dr. Şahin Əhmədoğlu bildirib ki, “Fərqli dinlərə, dillərə, irqlərə, rənglərə və etnik quruluşa sahib insanlar dünyada birgə yaşayırlar. Müxtəlif coğrafiyalarda yaşayan insanlar, əsasən, cəmiyyətin onlara aşıladığı həyatı bilir və mənimsəyirlər. İslam dininin məqsədi ağıldan istifadə edən, qanuna və hüquqlara əməl edən, ədalətli, gözəltərbiyəli, fikir azadlığına və yaşamaq hüququna hörmət göstərən, mərhəmətli, bağışlayan insan yetişdirməkdir”. Ş.Əhmədoğlu daha sonra vurğulayıb ki, İslam sivilizasiyasının bir parçası olan Türkiyə müsəlman ölkələri arasında strateji mövqeyinə görə mühüm missiyaya malikdir. Məruzəçi belə bir tədbirin Türkiyə ilə dərin tarixi və mədəni əlaqələrə malik olan qardaş Azərbaycanla birlikdə keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayıb. Bildirib ki, simpoziumda 14 ölkədən və Türkiyənin müxtəlif universitetlərindən 100-dən artıq alim məruzə ilə çıxış edəcəkdir.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, prof. Mövlud Erten bildirib ki, texnologiyanın inkişafı ilə dünya kiçilmişdir: “Dövlətlər və qitələr arasındakı sərhədlər indi yalnız fizikidir. Ona görə də “birgəyaşayış” dediyimiz ifadə fiziki ölçülərini çoxdan aşmış, onun paradiqması da dəyişmişdir. Məhz bu kontekstdə Rəbbimizin “Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”, – mesajı üzərində daha dərindən düşünməliyik.
Mövlud Erten daha sonra vurğulayıb ki, təcrübə ilə sübut olunur ki, cəmiyyətlər öz gələcəklərini düşünüb bu anlayışla hərəkət etsələr, möhtəşəm və tarixi cəmiyyətlər yarana bilər. İslam sivilizasiyası tarixdə birgəyaşamağın qaydasını, qanununu və modelini ən gözəl şəkildə ortaya qoymuş nümunədir. Birlikdəyaşamanın ilk nümunələrini Quranda, Həzrət Peyğəmbərin dövründə müşahidə edirik. Müsəlmanlar bu nümunələrə əsaslanaraq, tarixdə misli görünməmiş gözəl əməllər və birlikdəyaşama nümunələrini ortaya qoymuşlar.
Tədbirdə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Qarabağ müharibəsində Azərbaycana verdikləri dəstəyə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına minnətdarlığını bildirib, hər iki ölkə şəhidlərinə Allahdan rəhmət diləyib.
Azərbaycanda müxtəlif dinlərin, fərqli etnik qrupların yüzillərboyu sülh şəraitində, çətin anlarda bir-birlərinə dəstək verərək yaşadıqlarını müasir və tarixi nümunələrlə izah edən Səyyad Salahlı Azərbaycanda multikultural həyatın 23 müxtəlif ölkədə akademik şəkildə öyrənildiyini və mühazirələrdə izah edildiyini vurğulayıb.
Sədr müavini daha sonra bildirib ki, İslam ölkələrində tarixboyu müxtəlif din və inanclardan olan insanlar sülh şəraitində yaşayıblar. İslam dünyasında fərqlidüşüncəli insanların bir yerdə yaşamalarına, fikirayrılıqlarına hörmətlə yanaşılmasına böyük əhəmiyyət verilir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dos. Aqil Şirinov tədbir təşkilatçılarına təşəkkürünü bildirib və əlavə edib: “Bildiyiniz kimi, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Hazırda Qarabağın hər yerində Azərbaycan bayraqları dalğalanır. Millətimiz bu qələbədə hər zaman bizimlə olan Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Dövlətinə və xalqına minnətdardır. Çanaqqaladan Qarabağadək Türkiyəmizin və Azərbaycanımızın bütün şəhidlərini rəhmətlə yad edirəm”, – deyə o, qeyd edib.
A.Şirinov daha sonra vurğulayıb ki, Qurani-Kərimin bir yerində birgəyaşamanın nəzəri prinsiplərinə rast gəlirik. İslam mədəniyyətinə nəzər saldıqda, beytül-hikmənin Abbasilər dövründə qurulduğunu görürük.
Beytül-hikmənin əsas vəzifələrindən biri də İslam sivilizasiyalarından başqa, elmi və fəlsəfi kitabları, xüsusən də qədim yunan mədəniyyətinə aid kitabları ərəb dilinə tərcümə etmək idi. Bundan əlavə, Əndəlüs nümunəsi ən parlaq amillərdən biridir. Əndəlüs müsəlmanlarla yanaşı, yəhudi və xristianların da İslam mədəniyyətinə töhfə verdiyi bir məkandır. Bu gün İslam dünyasında məzhəblərin toqquşmasını müşahidə edirik. Buna əsas səbəb, məzhəb kimliyini dini kimlikdən üstün tutmaqdır. Məzhəblərin olması çox təbiidir, amma dini kimlikdən üstün tutmaq yanlışlıqdır. Bunlar birgəyaşayış ənənəmiz qarşısında duran ən mühüm problemlərdən biridir. Yaxşı nümunələrimizi də qeyd etməliyik: Türkiyə və Azərbaycan buna ən gözəl misaldır: “Türkiyədə müxtəlif dini və etnik kimliklər bir yerdə yaşayır və onlar Osmanlı dövründən birlikdə ömür sürür və aralarında heç bir problem yoxdur. Eyni zamanda, Azərbaycanda tarixin bütün dövrlərində xalqların birgəyaşayışında problem olmamışdır”.
Birgəyaşama təcrübəsinin İslam sivilizasiyasının mühüm prinsiplərindən biri olduğunu bildirən MDTF-nin icraçı direktoru, i.f.d. Mehman İsmayılov simpoziumun təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Vurğulayıb ki, İndoneziyadan Balkanlara, Afrikadan Rusiyayadək müxtəlif İslam coğrafiyalarını gəzdiyimiz zaman birgəyaşayışın nümunələrinə rast gəlirik.
M.İsmayılov daha sonra vurğulayıb ki, İslam dünyasının zəngin irsinin təbliğinə böyük ehtiyac var. Biz bu dəyərli irsimizi təbliğ etməyə çalışmalıyıq. Araşdırmalarıma əsaslanaraq deyə bilərəm ki, İslamda birgəyaşayış Allah sevgisi və insani dəyərlər üzərində qurulduğu halda, kapitalist Qərb dünyasında birgəyaşayış şəxsi mənafeyə əsaslanır.
Kırıkkale Universitetinin rektoru, prof., dr. Ersan Aslan bildirib ki, ali təhsil müəssisəsi “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda Beynəlxalq Simpoziumun ikincisinə ev sahibliyi edir. Qeyd edib ki, əslində, İslam sivilizasiyasını izah etmək üçün hələ çox yolumuz var: “Biz bu uzun yolun ikinci pilləsindəyik, burada birlikdə nələr etdiyimizi və nə etməli olduğumuzu sual edirik. Bu səbəbdən, bir çox ölkələrdən olan qardaş və bacılarımızı burada, Universitetimizdə və şəhərimizdə görməkdən və qonaq etməkdən xoşbəxtik”.
Rektor bildirib ki, birgəyaşayış, əslində, bizim üçün o qədər də çətin deyildir. Tariximizdə bunun bir çox nümunəsini görə bilərik.
Prof., dr. Ersan Aslan daha sonra vurğulayıb ki, ən parlaq nümunələrdən biri 839-cu ildə qurulan beytül-hikmədir. Rektor bu simpoziumun gənclərə İslam sivilizasiyasında birgəyaşayış ənənəsi haqqında bir çox bilgilərin çatdırılması üçün önəmli platforma rolunu oynayacağına ümid etdiyini bildirib.
Çıxışlardan sonra proqram Ankara Universiteti İlahiyyat fakültəsinin müəllimi, prof. Sönməz Kutlunun “Birgəyaşayışın konseptual çərçivəsi” mövzusunda panellə davam edib.
Qeyd edək ki, simpoziumun ilk iki günündə cəmiyyət, təhsil və İslamın əsas mövzuları çərçivəsində eyni vaxtda 103 məruzə baş tutacaq.
Simpoziumun keçirilməsində məqsəd – İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək; müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək; müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək; həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır. “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpozium 20-21 sentyabr 2022-ci il tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

calendar 6-10-2023, 21:35 eye 341 eye Paylaş