Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 4-6 oktyabr tarixlərində Quba rayonunda gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihənin açılış mərasimi keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Quba Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov üçgünlük seminarın mövzusu və əhəmiyyəti baradə məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Quba rayonu ilə yanaşı, Şabran, Xaçmaz və Qusar rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur.
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış "Heydər Əliyev və azərbaycançılıq", "Müzəffər Komandan" adlı sənədli filmlərin nümayişi, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılır.