Sentyabrın 19-da Füzuli rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə Vətən Müharibəsinin başlanılmasının üçüncü ildönümü ilə əlaqədar əziz şəhidlərin xatirəsinə həsr edilmiş "Şəhidlərimizi anırıq" adlı anım tədbiri keçirilib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət edilib.
Anım mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılış hissəsində qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından danışaraq şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramını ifadə edib.
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın hər bir gənc üçün nümunə olduğunu diqqətə çatdırıb.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə vətənpərvərlik ruhu və milli şüurumuzun daha gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə çıxış edən Vətən Müharibəsi qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov, şəhid Orxan Həmidovun anası Tamella Məmmədova, şəhid Elnur Quliyevin anası Marusa Həsənova və şəhid Yaşar Sadıqovun atası Füzuli Sadıqov təşkil edilmiş anım tədbirinizə və övladlarının xatirəsinə göstərən ehtirama görə minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda şəhidlərin ruhuna ithafən Qurani-Kərim tilavət edilib, dualar oxunub və ehsan süfrəsi açılıb.