Sentyabrın 18-də Beyləqan rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə Vətən Müharibəsinin başlanılmasının üçüncü ildönümü ilə əlaqədar əziz şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhidlərimizi anırıq” adlı anım tədbiri keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılış hissəsində qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin Müharibə veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev 44 günlük Vətən Müharibəsində əldə edilmiş böyük qələbənin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin xalqımız qarşısında misilsiz xidmət göstərdiyini, onların xatirəsinin əbədi olaraq hər bir vətəndaşımızın qəlbində yaşayacağını diqqətə çatdırıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə hər bir şəhidin qəhrəmanlıq nümunəsi olduğu, şəhid ailələrinin Vətənimizdə əmanət dəyəri daşıdığını bildirib.
Tədbirdə çıxış edən şəhid Xəyal Əliyevin atası Saleh Əliyev və şəhid İlyas Əliyevin həyat yoldaşı Aytəkin Əliyeva şəhidlərin xatirəsinə olan hörmət və ehtirama, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.
Mərasimin sonunda şəhidlərin ruhuna ithafən Qurani-Kərim tilavət edilib, dualar oxunub və ehsan süfrəsi açılıb.