Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qusar rayonunda "Din və həmrəylik" adlı üçgünlük seminar öz işinə başlayıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərimin tilavəti ilə başlayıb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Qusar Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, QMİ-nin bölgə qazısı Naib Səttarov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Layihənin əsas məqsədi ölkəmizdə vəhdət və dini həmrəylik ənənəsinin qorunması, tarixi köklərə və milli təfəkkürə əsaslanan tolerant, multikultural mühitin gücləndirilməsi, eləcə də məzhəblərarası münasibətlərin inkişafına töhfə verməkdir.
Layihədə Quba, Qusar, Xaçmaz rayonlarından olan din xadimləri ilə yanaşı, Ağcabədi şəhəri, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarından olan din xadimləri də iştirak edir.
Qeyd edək ki, 29-31 avqust tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Qusar rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.