Avqustun 25-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində Azərbaycan ilahiyyatçılarının Forumunda növbəti müzakirə paneli təşkil edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun moderatorluğu ilə “ Azərbaycanda dini məsələlərin tənzimlənməsində ilahiyyatçıların yeri və rolu"” mövzusunda keçirilən paneldə Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə çıxış edib. Bölgə qazısı bu tədbirin Lənkəranda keçirilməsinin əhəmiyyəti haqqında danışıb. Q.Axundzadə xalqımızın milli-mənəvi birliyinin gücləndirilməsi, dini-mənəvi mühitin qorunub saxlanılması istiqamətində ilahiyyatçı mütəxəssislərin aktivliyinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra paneldə iştirak edən Forumun iştirakçıları ölkəmizdə dini durum, milli-mənəvi dəyərlərin təbliği, eləcə də dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ilahiyyatçıların rolu, o cümlədən onların fəaliyyət səmərəliliyinin artırılmasına dair təklif və iradlarını səsləndirib, fikir mübadiləsi aparıblar.