Avqustun 24-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində Azərbaycan ilahiyyatçılarının Forumunun açılış mərasimi olub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, ilahiyyatçı alimlər və mütəxəssislər iştirak edib.
Çıxışlardan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Qurani-Kərim tilavət edilib.
Forumda açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkəmizdə keçirilən Azərbaycan ilahiyyatçılarının Forumunun əhəmiyyəti barədə danışıb. M.İsmayılov ilahiyyatçıların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, onların dini-mənəvi istiqamətdə səmərəli fəaliyyətinin vacibliyini vurğulayıb. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bu sahədə ardıcıl olaraq müxtəlif layihələrin icra edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan ilahiyyatçılarının Forumunun keçirilməsini önəmli və zəruri tədbir kimi qiymətləndirərək 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin həyatında siyasi, iqtisadi, mədəni, o cümlədən dini-mənəvi baxımdan yeni bir mərhələnin başladığını bildirib. O qeyd edib ki, bu mərhələdə hər bir Azərbaycan ziyalısının, eləcə də onun tərkib hissəsi kimi ilahiyyatçıların üzərinə böyük yük və vəzifə düşür: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında 10 milyonluq orduya çevrildi. Etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, dəmir yumruq kimi birləşməyi, savaşmağı və qalib gəlməyi bacardıq. Bu həm də Azərbaycan xalqının mənəvi yetkinliyinin, milli-mənəvi dəyərlərinə, torpağına, dövlətinə sədaqətinin göstəricisidir. Biz müzəffər xalq, müzəffər dövlətik. Bu, bizim üçün həm fəxr, həm də məsuliyyətdir”.
G.İsmayılov işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpasına toxunub, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl tədbirlərdən danışıb. O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk bərpasına başlanılan binalar məhz tarixi-dini abidələrimizdir: “Şuşa, Ağdam, Zəngilan və digər rayonlarımızda dağılmış məscidlərimiz bərpa edilir, yeni ibadət evləri tikilir. Bütün bu proses Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında aparılır. O, tarixi-dini abidələrimizin bərpasına, yenidən qurulmasına həssaslıqla yanaşır, dini icmalar və din xadimlərinə qayğısını əsirgəmir. Şübhəsiz ki, bu sahədə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Fond indiyədək bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib”.
Sədr müavini ölkədəki mövcud dini durum və qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, ölkədə və xaricdə dini təhsil almış xeyli sayda mütəxəssis var. Onların potensialından düzgün istifadə etmək baxımından ilahiyyatçıların Forumunun keçirilməsi təqdirəlayiqdir: “Bu gün dünyada qloballaşma prosesinin fonunda bir sıra problemlər öz aktuallığını hələ də saxlayır. Etnik, dini və irqi ayrı-seçkilik, islmafobiya, antisemitizm, dini radikalizm, terrorçuluq, dinin siyasiləşdirilməsi, dini fanatizm, qadın hüquqlarının məhdudlaşdırılması bəşəriyyətin üzləşdiyi ciddi problemlərdir. Azərbaycan bu problemlərdən uzaq, multikultural, tolerant ölkədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Multikultural və tolerant cəmiyyətimizdə birgəyaşayış ənənələri, vəhdət və qardaşlıq dəyərləri təbliğ olunur. Eyni zamanda beynəlxalq aləmdə də bu dəyərlərin, o cümlədən dinlərarası dialoqun, İslam dünyasında birliyin və vəhdətin güclənməsi təşviq edilir. Azərbaycan bu gün Qərbdə güclənən dini dözümsüzlüyü, islmafobiyanı, bunun nəticəsi kimi Quranın yandırılmasını qətiyyətlə pisləyir. Belə bir vəziyyətdə ilahiyyatçıların bir araya gələrək bu məsələləri müzakirə etmələrini və öz məsuliyyətlərini dərk edərək imkanlarını səfərbər etmələrini müsbət qiymətləndirmək lazımdır”. Dövlət Komitəsinin rəsmisi ölkədə dini konfessiyalar arasındakı münasibətlərə də toxunub: “Azərbaycanda dövlətlə dini qurumlar arasındakı münasibətlər başqaları üçün nümunə sayıla bilər. Dövlət Komitəsi bu istiqamətdə bütün dini konfessiyalarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın uğurlu nəticələri göz qabağındadır. Əminliklə deyə bilərik ki, artıq ənənəyə çevrilmiş bu münasibətlər gələcəkdə də qorunub saxlanılacaq”.
G. İsmayılov ilahiyyatçıların müzakirələrdə aktiv iştirak edəcəklərinə, konkret təkliflərlə çıxış edəcəklərinə ümidvar olduğunu, ixtisaslı mütəxəssislərin imkanlarından istifadə etmək baxımından bu cür tədbirlərin gələcəkdə də keçirilə biləcəyini vurğulayıb: “Azərbaycanda ilahiyyat elmi, ilahiyyatçıların hazırlanması, eləcə də dini radikalizm, terrorçuluq, xurafat, məzhəbçilik, dinin siyasiləşdirilməsi ilə mübarizə, milli-mənəvi dəyərlərimizin, multikultural və tolerant prinsiblərin təbliği və digər məsələləri müzakirə edəcəyik, ən əsası isə bu məsələlərin həllində ilahiyyatçıların iştirakı və rolu barədə fikir mübadiləsi aparacağıq. Ümid edirəm ki, bütün bunların hamısı ölkəmiz və cəmiyyətimiz üçün faydalı olacaq”.
Forumda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ilahiyyatçıların praktik fəaliyyəti, onların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi haqqında danışıb. Rektor ilahiyyatçı mütəxəssislərin milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində daha aktiv iştirakının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan İlahiyyat İnstitutunun dini ixtisaslı kadrların hazırlanması istiqamətində fəaliyyətinə toxunan A.Şirinov yüksək peşəkar mütəxəssislərin formalaşmaqda olduğunu qeyd edib.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə “Azərbaycanda ilahiyyat elmi və milli kadrların hazırlanması” mövzusunda panel keçirilib.
Xatırladaq ki, 24-25 avqust tarixlərini əhatə edən ikigünlük Forum çərçivəsində bir sıra mövzularda müzakirə panellərinin təşkili, müxtəlif məruzələrin dinlənilməsi, mütəxəssislər arasında diskussiyaların keçirilməsi nəzərdə tutulub.