İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən 25-27 iyul tarixlərində Şəki şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı layihənin açılış mərasimi keçirilib.
Gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Şəki şəhəri ilə yanaşı, Balakən, Zaqatala və Qax rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur.
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” və “Dəyərlərimizin dastanı” adlı filmlərin nümayişi, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.