Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhərindən olan Şəhidlərin ailə üzvlərinin Şuşaya səfəri təşkil edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində yaşayan şəhid ailəsi üzvlərinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfəri baş tutub.
Şuşada şəhid olan hərbçilərin valideynləri də səfər iştirakçıları arasında olub. Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalasında davam edib.
Səfər müddətində şəhidlərin doğmaları qəhrəman oğulların keçdiyi şərəfli yoldan, onların şücaətlərindən söhbət açıblar.