Dekabrın 18-də Qusar rayonu Çiləgir kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Ağasiyev və Aqil Əlisoy, Çiləgir kənd tam orta məktəbinin direktoru Telman Səfərov, Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri Fəryaddin Rəhimxanov, rayon ictimaiyyəti – o cümlədən gənclər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması günümüz üçün aktual olan mövzulardandır. E. Ağasiyev bildirib ki, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz mənəvi dəyərlər sisteminə aiddir.
DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Xalqımızın simasında zaman-zaman yaşamış və keçmişdən bizə gəlib çatmış milli-mənəvi dəyərlərimiz - ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik bu gün dövlətin hər cür resurslarla formalaşdırmağa və yaşatmağa çalışdığı ən mühüm milli-mənəvi dəyərlərimizdəndir.
Qusar rayonu Avaran kənd tam orta məktəbin direktoru Telman Səfərov çıxış edərək dövlətin təhsilə qayğısından danışıb və vurğulayıb ki, təhsil sahəsində milli-mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirilir, həmçinin, gənclərin müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün lazımi şərait yaradılır.
Qusar şəhəri “Mustafa Kazdal məscidi” dini icmasının sədri öz çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edərək bildirib ki, milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşaması tolerantlığın bariz təzahürüdür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.