İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 22-24 iyun tarixlərində Gəncə şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı layihənin açılış mərasimi keçirilib.
Gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirakı nəzərdə tutulmuşdur. Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, intellektual yarışlar, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, açılış mərasimində Fondun maliyyə dəstəyi ilə hazırlanmış "Heydər Əliyev və azərbaycançılıq" filmi də nümayiş edilib.