İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "15 İyun – Milli Qurtuluş Günü"nə həsr edilmiş "Milli Qurtuluş – 30" adlı konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Qafqaz Müsəlmanları İdarəsi sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in Analitika şöbəsinin məsləhətçisi Araz Qurbanov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Andrey Bezotosnıy, "Səs" Media Holdinqin icraçı direktoru Vəli Vəliyev, Azərbaycanda fəaliyyət göstərən bir sıra müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər "15 İyun – Milli Qurtuluş Günü"nün mahiyyətindən, onun müstəqil Azərbaycan tarixindəki yerindən, eləcə də bu qurtuluşu Azərbaycan xalqına bəxş edən ulu öndər Heydər Əliyevin danılmaz fəaliyyətlərindən söhbət açaraq bildiriblər ki, 1993-cü ildə xalqın arzusu və tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı və qoruyucusu kimi yazılıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər saldıqda Ulu Öndərin dühasını və müdrikliyini aydın şəkildə görə bilərik.
Konfransda həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətdən, bu səpkidə misilsiz xidmətlərindən, xalqımızın çoxillik tarixə malik adət-ənənələrinin dirçəldilməsi istiqamətində gördüyü işlərdən əhatəli olaraq bəhs olunub.
Sonda "SƏS" Media Qrupunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında mini-futbol üzrə "Xatirə Kuboku" turnirinin mükafatlandırma mərasimi keçirilib.