Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, İçərişəhər "Həzrət Məhəmməd" məscidi dini icması və TEM-ART Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Türk-İslam sənətləri” sərgisi keçirilib. Sərgidə rəssam Tünzalə Məmmədzadənin və “Türk-İslam sənətlərinin tədrisi” kursunun iştirakçılarının əsərləri nümayiş olunub.
Tədbirdə TEM-ART Sənət Mərkəzinin təsisçisi, layihə rəhbəri, rəssam Tünzalə Məmmədzadə sərgi haqqında məlumat verib. Bildirib ki, TEM-ART Sənət Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə layihəsi çərçivəsində təşkil olunan “Türk-İslam sənətlərinin tədrisi” kursunda gənclərə İslam sənətləri ilə bağlı biliklərin öyrədilməsi, təsviri sənətdə islami mövzuların tətbiqi, islami ornamentlərin tədqiq edilməsi və praktiki tətbiqi, seminarların və sərgilərin təşkil olunması nəzərdə tutulub.
Aİİ rektoru, dosent Aqil Şirinov çıxış edərək bildirib ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub: “Ölkəmiz eyni zamanda İslam təzhib və təsvir sənətinin mərkəzlərindən biri olub. Təzadüfi deyil ki, Teymurilər və Osmanlılar dövründə bu sənətlərin inkişafında azərbaycanlı sənətkarlar əvəzsiz rol oynayıb. O, qeyd edib ki, Bakı Şərq və Qərb sivilizasiyalarını bir-birinə qovuşduran çox mühüm və tarixi şəhərdir. Azərbaycanın qədim və zəngin tarixindən, mədəni abidələrindən, ölkə paytaxtının keçmiş və indiki mənzərəsindən bəhs edən A.Şirinov dövlət tərəfindən mədəni, dini və milli dəyərlərimizin qorunmasına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahid Bağcı Türkiyə-Azərbaycan qardaşlığından danışıb. İslam dəyərlərinin bizim üçün əziz olduğunu vurğulayan Türkiyə səfiri bildirib ki, milli ənənələrimizin təməlində İslam dəyərləri dayanır.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turguner və Türkiyənin Azərbaycandakı Səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık çıxış edərək sərginin əhəmiyyətinə toxunub və işinə uğurlar arzulayıblar.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında TEM-ART Sənət Mərkəzi ilə birgə təşkil etdikləri layihə çərçivəsində “Türk-İslam sənətlərinin tədrisi” kursunu müvəffəqiyyətlə bitirən bütün iştirakçıları təbrik edib. Bildirib ki, belə layihələrin keçirilməsi İslam sənətlərinin təbliği və təşviqi baxımından vacibdir.
Tədbirin sonunda "Türk-İslam sənətlərinin tədrisi" kursunu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.