Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Şərur rayon dini icmasının, Naxçıvan Şəhər Came məscidi dini icmasının və İdris Məmmədov məhəlləsi dini icmasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrələri açılıb.
İftar mərasimlərində Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asıp Kaya , dini atteşe İbrahim Öcüt, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, Naxçıvan Muxtar Respublikası qazısı Sahib Məmmədov, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin direktoru Vahid Süleymanov, şəhid ailələri, qazilər, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimlər müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.Çıxışlar zamanı Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.