Dekabrın 17-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Hacıqabul rayon 10 saylı orta məktəbdə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev, Hacıqabul rayon Muğan qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Gülqardaş Zülfüqarov, müəllim və məktəblilər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev qeyd edib ki, Azərbaycan dünyada multikultiralizm dəyərlərinin nümunəsi kimi, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər, həmrəy və qarşılıqlı dostluq şəraitində yaşadığı unikal ölkələrdəndir. Bu ümumbəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub, qədimdən bu ənənə Azərbaycanda yaşadılıb və bu günlərə kimi davam etdirilir. Hazırda isə bu həm dövlət siyasəti, həm də ictimai münasibətlər sistemi kimi inkişaf etdirilir.
Dini icma sədri Gülqardaş Zülfüqarov dövlətimizi və cəmiyyətimizi dini radikalizm təhlükəsindən qorumaq, şagirdlərin dini cərəyanların təsiri altına düşmələrinin qarşısını almaq üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib. Mövzu ilə bağlı tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.