Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Gəncə şəhər Böyük Bağmanlar məhəlləsi “Həzrəti Zeynəb” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbiri keçirilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı Sənubər Qocayeva, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən natiqlər şəhid ailələrinin qadın üzvlərini 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsində əvəzsiz rolunun olduğunu diqqətə çatdıraraq dövlətin hər zaman onların yanında olduğunu ifadə ediblər. Daha sonra tədbir bədii hissə ilə davam edib.
Sonda şəhidlərin əziz xatirəsi yad edilib və onların ruhuna dualar oxunub.