Dekabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondu “Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi” mövzusunda konfrans və kitab təqdimatı keçirib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. M.İsmayılov müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ortaya qoyduğu Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu deyib. Qeyd edilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Bu dəyərlərin cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyatdığını və toplumu üzləşdiyi yad təsirlərdən, təhlükələrdən qoruduğu üçün onu mühafizə və təbliğ etməyin labüd olduğunu deyən Fondun icraçı direktoru burada dini icmaların da əhəmiyyətli rol oynadığını vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, qloballaş dünya özü ilə problemlər gətirir. Azərbaycan dövləti dünyəvi dövlət olmaqla yanaşı, mənəvi dəyərlərimizi də qoruyub saxlayır. B.Quliyev diqqətə çatdırıb ki, bu dövlət siyasətinin əsası Ümummilli lider tərəfindən qoyulub. Ulu öndər sağlam cəmiyyəti formalaşdıraraq milli dəyərlərmizə bağlı gənclik yetişdirdi. Onun sözlərinə görə, hüquqi dövlətimizin formalaşması ilə yanaşı müxtəlif sferalara məxsus cəmiyyətimizdə mövcud oldu. Bu ideologiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən “Səs” media qrupunun rəhbəri vurğulayıb ki, bu gün mənəvi dəyərlərimizin təbliği işi dövlətin əsas siyasi xəttinə bağlıdır.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün dünyada gedən səssiz müharibədə Azərbaycan xalqının ən mühüm sipəri milli-mənəvi dəyərlərimiz və ailə institutudur. H.Babaoğlu milli-mənəvi dəyərlərimizin təbliği işinin dövlət səviyyəsində aparıldığını da diqqətə çatdırıb. Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan xalqının söykəndiyi bu dəyərlərin ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. O vurğulayıb ki, müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz basqılara məruz qalsa da, Azərbaycan müstəqil olandan sonra mənəvi dəyərlərimiz dövlətin əsas strategiyasına çevrilib.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin təyin etdiyi siyasi kursdan irəli gələrək Mənəvi Dəyərlərin Təbliği Fondu mühüm layihələr reallaşdırılır. Mənəvi dəyərlərin təbliği ilə bağlı aparılan işlərin nəticəsidir ki, mədəniyyətimiz ölkə hüdudlarında kənarda da tanınır.
Konfransda xarici qonaq qismində iştirak edən Pakistan dövlət televiziyasının əməkdaşı, jurnalist Afşan Malik Azərbaycan və Pakistan arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb. Pakistanlı jurnalist qeyd edib ki, ölkələrimizi ortaq mənəvi dəyərlər birləşdirir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və Tarix elmləri doktoru, professor İradə Hüseynova tədbirdə çıxış edərək bildiriblər ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlət başçısının milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut edir. Qloballaşma prosesinə baxmayaraq, xalqların milli xüsusiyyətlərinin, mədəniyyətinin, milli özünəməxsusluğu qorunub saxlanılır. Ulu öndərin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
Qeyd edək ki, konfransda "Mənəvi dəyərlər İlham Əliyev siyasətinin tərkib hissəsi kimi" adlı kitabın təqdimatı keçirilib. Kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı səsləndirdiyi fikirlər və nitqlər yer alıb.