Dekabrın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Yardımlı rayonu Şıxlar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində “Azərbaycan xalqının ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev, Yardımlı Rayon Təhsil şöbəsinin əməkdaşı Tahir Rüstəmov, A.B.Nəcəfov adına Arus kənd tam orta məktəbinin direktoru Eldəniz Məmmədov, Şıxlar kənd məscidi dini icmasınin sədri Sadıq Talıbov, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan A.B.Nəcəfov adına Arus kənd tam orta məktəbinin direktoru Eldəniz Məmmədov bildirib ki, ailə cəmiyyətin təməlidir. Cəmiyyətin sərhədi ailədən başlayır.Ailənin sağlam olması cəmiyyətin də sağlam olması deməkdir.
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli qeyd edib ki, fərdlər birləşərək ailəni, ailələr də birləşərək cəmiyyəti formalaşdırır. Fərd ailənin təməl dirəyidir. Cəmiyyətin də təməli ailədir. Buna görə də ölkəmizdə ailəyə, ailə quruluşunun qorunub saxıanlmasına böyük önəm verilir.
Yardımlı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev çıxışında millətimizin ailə dəyərlərinə verdiyi önəmdən danışaraq bu dəyərlərin başqa xalqlara nümunə olduğunu vurğulayıb.
İcma sədri Sadıq Talıbov və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.