Lənkəran şəhərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi dini icmasının sifarişi ilə hazırlanan "Zəfər carçıları" adlı sənədli filmin təqdimatı keçirilib.
Vətən Müharibəsində qəhrəmancasına canından keçən Lənkəranlı şəhidlərin xatirəsinə həsr edilmiş film Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Şəhidlərimiz and yerimizdir” adlı layihə çərçivəsində hazırlanıb.
Dekabrın 14-də baş tutan təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun şöbə müdiri Rəşid Paşalı, Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Qəni Axundzadə, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov filmin süjet haqqında məlumat verib. Qeyd edək ki, filmdə Lənkəranın tarixi abidələri, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsində lənkəranlıların qəhrəmanlığından, tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi, eləcə də Azərbaycanda tarixən mövcud olan multikultural ənənələrdən bəhs olunub.