DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Qubada din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Mənəvi dəyərlərin təbliği: Mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov Quba rayonundakı dini durum barədə ümumi məlumat vermiş, rayondakı tolerant mühitin hər keçən gün inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırmışdır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkəmizdə tarixən mövcud olan və daim mütərəqqi prinsiplərə əsaslanan tolerant dini mühitin bu gün daha da möhkəmlənməkdə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə olan xüsusi diqqət və qayğısı sayəsində dövlət və din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini söyləmişdir. Dini vəhdətin milli birliyimizin mühüm tərkib hissəsi olduğunu qeyd edən icraçı direktor, din xadimlərinin, dini icma sədrlərinin və ümumilikdə dini icmaların bu işdə böyük məsuliyyət daşıdığını vurğulamışdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri Ramin Xudayev və QMİ-nin bölgə qazısı Naib Səttarov bu sahədə görülən işlərdən bəhs etmişlər. Daha sonra tədbir qarşılıqlı sual-cavab şəklində davam etdirilmiş, din xadimləri və dini icma sədrləri tərəfindən müəyyən təkliflər irəli sürülmüşdür.
Sonda isə tədbir iştirakçılarına Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdiyi kitablar paylanılmışdır.